Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş - Həkimə bu cəza verildi

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş vermiş əsgər ölümü ilə bağlı hərbi həkim N.A. həbs olunub. Məhkəmə prosesi Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilmişdir. Nəticədə, N.A. 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə, eyni zamanda, zərərçəkmiş tərəfin mülki iddiasını da nəzərə alaraq, həkimin 6,000 manat maddi və 3,000 manat mənəvi ziyan ödəməsinə qərar vermişdir. Hadisə ötən ilin oktyabr ayında baş vermişdir.
İttihama görə, əsgər Əli İbrahimli, ürək ağrılarından şikayət edərək, hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Həkim, onun taxikardiya xəstəliyi olduğunu müəyyənləşdirərək, əsgəri başqa bir hərbi hissəyə təxliyə etmişdir. Lakin N.A. əsgərin vəziyyətinin ciddiliyini nəzərə almamışdır.
Təqsirləndirilən həkim, lazım olan müayinələri aparmadan, əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənmişdir. Həmçinin, əsgərə tibbi yardıma ehtiyacı olduğu halda, onu yenidən xidmət etdiyi “N” saylı hərbi hissəyə qaytarmaq barədə göstəriş verib. Əsgər qayıtdıqdan sonra vəziyyəti pisləşmiş və hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır.
Həkimə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir.