Direktor 6 min, müavinləri 5 min manat alacaq

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqları təsdiqlənib. Baş nazir Əli Əsədov müvafiq qərar imzalayaraq institutun maaş strukturunu müəyyənləşdirib.
Verilən qərara əsasən, institutun direktoru 6 000 manat, direktor müavinləri 5 000 manat maaş alacaq. Bununla yanaşı, mərkəz müdirinin aylıq əməkhaqqısı 4 200 manat, şöbə müdirinin 4 000 manat, mərkəz müdirinin müavininin 3 400 manat, şöbə müdirinin müavininin isə 3 300 manat olacaq.
Maaş sistemi daha aşağı vəzifələr üçün də müəyyən edilib. Sahə rəisinin aylıq maaşı 2 900 manat, sektor müdirinin isə 2 700 manat təşkil edəcək. Elmi katibin maaşı 2 300 manat, baş məsləhətçi və baş elmi işçinin maaşı isə 2 100 manat olacaq.
Daha sadə vəzifələr üçün isə müvafiq olaraq, baş aqronom və baş mexanikin maaşı 2 000 manat, aparıcı elmi işçinin isə 1 800 manat təşkil edəcək. Kiçik elmi işçi və laborantlar üçün maaş 1 200 manat, elektrik və sürücülər üçün isə 600 manat olaraq müəyyən edilib.
Qərarda həmçinin, işçilərin vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin, institutun göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına veriləcəyi vurğulanır.