Dərsliklərin hazırlanmasında ictimai rəy diqqətə alınır?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
"Riyaziyyat 7" və "Fizika 9" dərslik layihələrinin ictimai müzakirəsi zamanı heç bir rəy və təklif alınmayıb. Elm və Təhsil Nazirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, "Riyaziyyat 7" layihəsinə fənn mütəxəssislərindən 300-dən çox, "Fizika 9" layihəsinə isə 480-dən çox rəy təqdim edilib, lakin ictimaiyyətin rəyi isə daxil olmayıb.
Nazirliyin açıqlamasına əsasən, digər dərslik layihələrində də ictimai iştirakçılıq aşağı səviyyədədir. Məsələn, "Azərbaycan tarixi 7" layihəsinə mütəxəssislərdən 1000-dən çox, ictimaiyyətdən isə yalnız 21 rəy gəlmişdir. "Biologiya 9" layihəsi üzrə isə fənn mütəxəssisləri 530-dan çox rəy təqdim ediblər, lakin icma yalnız 3 rəy göndərib.
İctimai müzakirələrdə iştirakın az olması, dərsliklərin geniş ictimai rəy əsasında təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırır. Dərslik layihələri, nəşr öncəsi, Dövlət İmtahan Mərkəzinə və digər aidiyyəti qurumlara təqdim edilir və trims.edu.az saytında müzakirəyə çıxarılır.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli, ictimai müzakirələrin şəffaf və açıq mexanizm əsasında təşkil edildiyini bildirib. O, cəmiyyətin passivliyini bir sıra obyektiv amillərlə əlaqələndirib və sadələşdirilmiş rəy bildirmə mexanizminin tətbiqini təklif edib.
Həsənli, ictimaiyyətin bu prosesdə fəal iştirak etməsinin dərsliklərin keyfiyyətinin yüksəldilməsi baxımından vacib olduğunu vurğulayıb. O, müzakirələrin daha geniş yayımlanması və məktəblərdə müəllimlərin fəal rolunun artırılması gərəkdiyini qeyd edib. Çünki dərsliklərin tətbiqini həyata keçirənlər məhz müəllimlərdir.