Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqdadır. Korporativ istiqraz bazarı genişlənməsinə baxmayaraq, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilməkdədir. Bu barədə Bakı Fond Birjasının 2026-cı ilin üçüncü rübü üzrə kapital bazarlarına dair bülletinində məlumat verilir.
Hesabata əsasən, 2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda biznes kreditlərinin portfeli 18,44 milyard manata çatıb. Eyni dövrdə korporativ və dövlət müəssisələrinin dövriyyədə olan istiqrazlarının nominal həcmi isə 1,72 milyard manat olub. Bu situasiya nəticəsində, istiqrazların biznes kreditlərinə nisbəti 2025-ci ilin sonundakı 10,1%-dən 2026-cı ilin sentyabrında 9,3%-ə enib.
Bakı Fond Birjası əlavə edir ki, hər iki maliyyələşdirmə kanalı genişlənsə də, bank kreditləri daha sürətli artmaqdadır. Bu isə kapital bazarı vasitəsilə borc maliyyələşməsinin nisbi payını azaltmışdır. 2026-cı ilin yanvar ayında kredit portfelinin illik artım tempi 9%-dən sentyabrda 15,1%-ə yüksəlib. Bu artım, əsasən, biznes kreditlərinin hesabına baş verib.
Bununla yanaşı, kredit sektorunda izafi likvidliyə və banklararası faizlərin azalmasına baxmayaraq, kredit faizləri yüksək səviyyədə qalmaqdadır. 2026-cı ilin sentyabrında yeni verilən manat kreditləri üzrə orta faiz dərəcəsi 18,14%-ə enib.
2026-cı ilin yanvar-sentyabr aylarında, korporativ və dövlət müəssisələrinin istiqrazlarının kütləvi yerləşdirilməsi vasitəsi ilə 198,8 milyon manat vəsait cəlb olunub. İkinci rübdə 41 milyon manat olan yerləşdirmələrin həcmi üçüncü rübdə 111 milyon manata çataraq, rüblük müqayisədə 2,7 dəfə artıb. Bununla belə, istiqraz bazarında maliyyə sektorunun üstünlüyü qorunub, çünki yerləşdirmələrin 96%-i maliyyə qurumlarına aiddir.