Mətbuat Şurasında Komissiya Tərkibləri Müəyyənləşdirildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda müzakirə olunan başlıca məsələ MŞ-nin komissiyalarının tərkibinin və fəaliyyət planlarının təsdiqi olub.
MŞ sədri Vüqar Zifəroğlu, Şikayətlər üzrə Komissiyanın tərkibinin müəyyənləşdirildiyini açıqlayıb. Qurumun Nizamnaməsinə əsasən, sədr müavinləri iki il müddətinə bu komissiyaya rəhbərlik edirlər. İclasda Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq edilib.
Bundan əlavə, Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov) və Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı) tərkibləri də müəyyənləşdirilib. Həmçinin Media subyektləri ilə əlaqələr komissiyası (sədr Vüqar Rəhimzadə) və Sosial media istifadəçiləri ilə əlaqələr komissiyası (sədr Hacıbəy Heydərli) təsdiq edilib.
Dil komissiyası (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyası, Rəqəmsal texnologiya və süni intellekt komissiyası, eləcə də Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin (sədr Ayaz Mirzəyev) tərkibləri də açıqlanıb. İclasda MŞ İdarə Heyəti üzvlərinin fəaliyyətin daha da sistemləşdirilməsinə dair təklifləri dinlənilib və Katibliyə müvafiq tapşırıqlar verilib.