Ezonn Xəbər

Bakı Fond Birjasında səhm bazarının 95%-i cəmi 9 şirkətin payına düşür

Bakı Fond Birjasında səhm bazarının 95%-i cəmi 9 şirkətin payına düşür
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Bakı Fond Birjasında (BFB) listinqdə olan 38 şirkətdən yalnız 9-nun cəmi 95%-lik bazar dəyərinə sahib olduğu məlum olub. 2026-cı ilin üçüncü rübü üzrə təqdim olunan bülletendə bildirilib ki, 2026-cı ilin sentyabr ayının sonuna birjadakı səhmlərin ümumi kapitallaşması 3,81 milyard manat təşkil edir. Hesabatda qeyd olunan statistikalar, 2025-ci ilin sonuna olan 2,67 milyard manatlıq bazar dəyəri ilə müqayisədə 42% artımı göstərir. Bununla yanaşı, bazar dəyəri 100 milyon manatdan yüksək olan 9 şirkətin ümumi kapitallaşması 3 milyard 630,5 milyon manatdır ki, bu da listinqdəki səhmlərin bazar dəyərinin 95%-nə bərabərdir. Bazar dəyəri 10 milyon manatdan 100 milyon manatadək olan 4 şirkət 151,6 milyon manat, 10 milyon manatdan aşağı olan 25 şirkət isə cəmi 25,7 milyon manat kapitallaşma ilə xarakterizə olunur. Bülletendə həmçinin, birjada listinqdəki səhmlərin 99%-nin maliyyə sektorunda cəmləşdiyi vurğulanıb. 2023-cü ildə maliyyə sektorunun payı 71%, 2024-cü ildə isə 77% olduğu halda, 2025-ci ildən bu göstərici 99%-ə yüksəlib. Real sektorun bazar payı isə cəmi 1% təşkil edir. 2026-cı ilin yanvar-sentyabr aylarında səhmlərin təkrar bazar dövriyyəsi 16,1 milyon manat olub. Bu, ötən ilin eyni dövründəki 11,4 milyon manatla müqayisədə 41% artım göstərir. Üçüncü rübdə ABB və "PAŞA Bank" səhmlərinin ticarət dövriyyəsi 7,3 milyon manat təşkil edib ki, bu da ilin ilk doqquz ayı üzrə dövriyyənin 45%-ni əhatə edir.