Ezonn Xəbər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Bu səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi mövzusu ətrafında müzakirələr aparılır. Səfərin proqramına uyğun olaraq, müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə qonaqlar Hərbi Dəniz Qüvvələrinin N hissəsində olub. Burada kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti və həyata keçirilən islahatlar haqqında məlumat təqdim edib. Görüşdə tərəflər arasında HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin inkişafına dair müzakirələr aparılıb. Nümayəndə heyəti, həmçinin Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan texniki vasitələrin sərgisi ilə tanış olub və dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib. Eyni zamanda, qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər. Burada onlara təhsil sistemi və tədris prosesi haqqında ətraflı məlumat verilib, qarşılıqlı maraq oyandıran suallar cavablandırılıb. Ziyarət zamanı Heydər Əliyev Muzeyi ilə tanışlıq da həyata keçirilib. Səfərin sonunda general-leytenant G. Matiaşvili "Şərəf kitabı"na ürək sözlərini yazaraq, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.