Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib. Görüş zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər müzakirə olunub.
Müzakirələrdə Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri ilə bağlı konkret layihələrin perspektivləri nəzərdən keçirilib. Xüsusilə, regional bağlantıların inkişafı, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Eyni zamanda, TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantılarının gücləndirilməsinə, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunmasına töhfəsi vurğulanıb.
Görüşdə, Azərbaycan-Ermənistan normallaşma prosesi və digər qarşılıqlı maraq doğuran istiqamətlərə də toxunulub. Tərəflərin fikir mübadiləsi, iki ölkənin gələcək əməkdaşlığına müsbət təsir göstərəcək.