General Natiq Əliyevin qızının dələduzluq işi üzrə qərar

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluq etməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb. Məhkəmənin qəbul etdiyi qərar nəticəsində protest təmin edilməyib və Türkər Əliyevanın ev dustaqlığı müddəti qüvvədə saxlanılıb.
Türkər Əliyeva, 3 azyaşlı və 1 yetkin övladın himayəçisi olduğu, cinayət məsuliyyətinə ilk dəfə cəlb edildiyi halda, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ona 4 ay müddətinə ev dustaqlığı tətbiq edilmişdi. Prokurorluq isə bu qərardan narazı qalaraq Türkər Əliyevanın həbsini istəmişdi.
Mediator olaraq fəaliyyət göstərən Türkər Əliyeva, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızı kimi tanınır. Ona qarşı irəli sürülən ittihamlar arasında Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə dələduzluq, eləcə də 32.4 və 313-cü maddələr - vəzifə saxtakarlığına təhrik etmək qeyd olunur.
İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsi adı altında külli miqdarda pul alaraq dələduzluq törətməkdə günahlandırılır. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti əsasında saxlanılıb.