İnsan yatarkən beynində nə baş verir? - Maraqlı kəşf
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə ABŞ alimləri, insanların yuxu zamanı beyin fəaliyyətinin araşdırıldığı maraqlı bir tədqiqat aparıblar. Tədqiqatın nəticələri "Nature Aging" elmi jurnalında yayımlanıb. Məlumatlara görə, insanların yuxu zamanı beyin-onurğa beyni mayesinin hərəkəti əhəmiyyətli rol oynayır.
Tədqiqatda 18-39 yaş arası gənclər ilə 60-84 yaş arası yaşlı insanların beyin fəaliyyəti müqayisə edilib. Bunun üçün elektroensefaloqrafiya (EEQ) və sürətli funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) metodlarından istifadə olunub. Məlum olub ki, dərin yuxu zamanı gənclərin beyin fəaliyyətində beyin-onurğa beyni mayesinin hərəkəti daha güclü dalğalarla müşahidə edilir, yaşlılarda isə bu hərəkət əsnasında əhəmiyyətli dərəcədə zəifləmə müşahidə olunub.
Alimlər bu durumu yavaş beyin dalğalarının azalması və beyin damarlarının fəaliyyətindəki yaşa bağlı dəyişikliklərlə əlaqələndirirlər. Beyin-onurğa beyni mayesi beynin qorunmasında və daxili mühitinin sabit saxlanılmasında mühüm rol oynayır. Əvvəlki tədqiqatlar göstərir ki, bu maye yuxu zamanı metabolik tullantıların xaric edilməsində aktiv rol oynamışdır.
Araşdırmanın müəllifləri, bu gün üçün tullantı maddələrin birbaşa xaric edilməsi ölçülmədiyindən, müşahidə olunan dəyişikliklərin Alzaymer və digər neyrodegenerativ xəstəliklərin yaranmasına olan təsirini hələ də müəyyən etmək lazım olduğunu qeyd edirlər. Yuxu zamanı beyin mayesinin dövranının öyrənilməsi yaşlanma və beyin sağlamlığı arasındakı əlaqənin daha yaxşı anlaşılmasına kömək edə bilər.