Fransa hərbçiləri Ukraynada fəaliyyət göstərir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Fransa hərbçilərinin Ukraynada fəaliyyət göstərdiyi təsdiqlənib. Bu barədə məlumatı Fransanın silahlı qüvvələr üzrə naziri Alis Rufo verib. O, bildirib ki, fransız hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini hazırlayır və müasir hərbi texnikanın mühafizəsi ilə məşğuldurlar.
Rufo açıqlayıb ki, Fransanın səfirliyi nəzdində yaradılmış müdafiə məsələləri üzrə missiya fəaliyyət göstərir. Bu missiyada hərbi mühəndislər də daxil olmaqla bir neçə mütəxəssis yer alır. Onlar davamsız olaraq Ukraynaya səfər edərək, “Mirage” qırıcıları və “Caesar” özüyeriyən artilleriya sistemlərinə texniki xidmət göstərir, eyni zamanda, müvafiq avadanlıqların istifadəsi üzrə təlimlər keçirirlər.
Bundan başqa, Rufo qeyd edib ki, Avropa Birliyi də Ukraynaya eyni məqsədlə başqa bir hərbi missiya göndərib. Bu, Ukraynanın müdafiə qabiliyyətini artırmaq məqsədini güdür.
Xatırladaq ki, noyabrın 9-da Avropa Birliyi Şurası, 2022-ci ildən fəaliyyət göstərən Ukraynaya dəstək üzrə hərbi təlim missiyasının (EUMAM Ukraine) müddətinin uzadılmasını nəzərdə tutaraq, ilk dəfə rəsmi olaraq Ukrayna ərazisində hərbi mövcudluğunun təmin edilməsi niyyətini açıqlayıb. Hərbçilərin dəqiq sayı barədə də məlumat verilməyib.