Ezonn Xəbər

Yüksək SPF-li kremlərdən istifadə edənlər, diqqətli olun! - D vitamini azalır

Yüksək SPF-li kremlərdən istifadə edənlər, diqqətli olun! - D vitamini azalır
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Avstraliya alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, SPF 50+ günəş kremlərinin müntəzəm istifadəsi qanda D vitamini səviyyəsini azalda bilər. Tədqiqat, “British Journal of Dermatology” jurnalında dərc olunub və burada 40-64 yaş aralığında olan 639 iştirakçı yer alıb. Araşdırmanın məqsədi, günəşdən qoruyucu vasitələrin D vitamini səviyyəsinə təsirini öyrənməkdir. İştirakçılar iki qrupa bölünüblər. Birinci qrup, ultrabənövşəyi şüalanma indeksinin yüksək olduğu günlərdə müntəzəm olaraq SPF 50+ kremdən istifadə edib. İkinci qrupa isə günəşdən qoruyucu vasitələri öz istəklərinə uyğun tətbiq etmələri üçün imkan verilib. Tədqiqatın sonunda qan analizləri nəticəsində birinci qrupun 46 faizində D vitamini çatışmazlığı aşkar edilib, nəzarət qrupundakı səviyyə isə 37 faiz təşkil edib. Alimlər vurğulayıblar ki, yüksək SPF-lu kremlərin davamlı istifadəsi orqanizmdə sağlamlıq üçün əhəmiyyətli olan 25(OH)D maddəsinin konsentrasiyasını azalda bilər. Bununla yanaşı, onlar günəşdən qoruyucu vasitələrdən tamamilə imtina etməyi tövsiyə etmirlər, çünki bu kremlər dəri xərçənginin qarşısını almaqda mühüm rol oynayır. Tədqiqatın nəticələri göstərir ki, yüksək SPF-li günəş kremlərini müntəzəm istifadə edən bəzi insanlara D vitamininin normal səviyyəsini qorumaq üçün əlavə preparat qəbul etmələri zəruri ola bilər. Bu, müvafiq konsultasiyalarla həyata keçirilməlidir.