Ezonn Xəbər

Paşinyan istefaya gedəcəyini açıqladı

Paşinyan istefaya gedəcəyini açıqladı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycanla sülh müqaviləsi imzalanandan və ratifikasiya olunduqdan sonra vəzifəsindən istefa verəcəyini açıqlayıb. Bu barədə o, parlamentdə müxalifət nümayəndələrinin suallarını cavablandırarkən məlumat verib. Paşinyan istefa tələb edən müxalifət qüvvələrinə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib. Baş nazir, əgər referendumda vətəndaşlar yeni Konstitusiyaya qarşı səs versələr, dərhal istefa verəcəyini qeyd edib. Bununla yanaşı, Paşinyan, əgər referendumda yeni Konstitusiya dəstəklənərsə, o, Azərbaycanla sülh müqaviləsinin imzalanması, ratifikasiyası və sülh gündəliyinin digər müddəalarının həyata keçirilməsindən sonra postunu tərk edəcəyini bildirərək, “Hər iki halda gedəcəyəm” deyib. O, həmin siyasi prosesi xalqın qərar verəcəyini vurğulayıb. Baş nazir, Ermənistanın NATO-ya üzvlüyünə dair müzakirələrin gündəmdə olmadığını da əlavə edib. Onun sözlərinə görə, Ermənistanın siyasətində NATO-ya üzvlüklə bağlı heç bir qərar mövcud deyil. Paşinyan, referendumda Ermənistan vətəndaşlarının əksəriyyətinin yeni Konstitusiyanı dəstəkləyəcəyinə inanır.