Ezonn Xəbər

ADU-da mühüm tədbir keçirildi

ADU-da mühüm tədbir keçirildi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) "Azərbaycan-Özbək dili əlaqələri: tarixi və müasir müstəvidə" adlı tədbir keçirilib. Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçılara hitab edərək, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin elmi və mədəni əlaqələrin inkişafındakı rolundan bəhs edib. Rektor qeyd edib ki, iki xalqın ortaq tarixi kökləri, zəngin mədəni irsi və yaxın dil ənənələri müasir dövrdə bu əlaqələrin genişləndirilməsində əhəmiyyət daşıyır. O, eyni zamanda, Azərbaycan-Özbəkistan tarixi-mədəni bağlılığının gələcək nəsillər üçün vacib olduğunu vurğulayıb. Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov da çıxış edərək, iki ölkənin ortaq tarixi kökləri və dil yaxınlığının ikitərəfli münasibətlərdəki rolunu qeyd edib. Səfir, diplomatik əməkdaşlığın inkişafı üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Eldar İbrahim, iki ölkə arasında dostluq münasibətlərinin tarixini xatırladaraq, bu əməkdaşlığın genişləndirilməsi üçün ziyalıların və alimlərin fəaliyyətinin vacibliyini qeyd edib. Tədbirdə mütəxəssislərin təqdimatında Azərbaycan və Özbək dillərinin tarixi inkişafı, leksik və qrammatik xüsusiyyətləri ətrafında müzakirələr aparılıb. Tədbir, tələbələrin özbək dilində şeir ifaları ilə başa çatıb.