Paşinyandan tarixi etiraf: Bizi xarici qüvvələr türklərə düşmən etdi

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan, parlamentdəki çıxışında Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müxalifətin tənqidlərinə cavab verib. O, vurğulayıb ki, ermənilərin türklərə qarşı düşmən münasibəti 1870-ci illərdən etibarən xarici qüvvələrin təsiri altında formalaşmışdır.
Paşinyanın sözlərinə görə, bu qüvvələr daim "türk, türk, türk" deyərək ermənilərin şüurunu manipulyasiya edərək, onları türklərə qarşı yönləndiriblər. Bu vəziyyətin, ermənilərin düşüncə sistemini kökündən dəyişdirdiyini qeyd edib.
Ermənistanın baş naziri, qonşularla sülhün təmin edilməsinin erməni ənənələrində olmadığını da ifadə edib. Həmçinin, o, hökumətin Azərbaycan, Türkiyə və regionun digər ölkələri ilə geri dönməz sülh prosesinə doğru irəlilədiyini bildirib.
Paşinyan, müxalifətin istefa çağırışlarına da münasibət bildirib. O, konstitusiya ilə bağlı referendumda insanların dəyişiklikləri dəstəkləmədiyi təqdirdə vəzifəsindən gedəcəyini, əks halda sülh sazişini imzalayacağını bildirib.