Yüzlərlə tabut və qızıl əsərlərlə dolu qədim qəbiristanlıq tapıldı — Fotolar

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Misirin şimalındakı Menufiya əyalətində yerləşən Əbu Bellu arxeoloji ərazisində həyata keçirilən qazıntılar zamanı yüzlərlə tabut və qiymətli artefaktlar aşkar edilib. Bu kəşflər, qədim Misirin zəngin mədəni irsini bir daha üzə çıxarıb.
Misir Turizm və Qədim Əşyalar Nazirliyinin verdiyi məlumata görə, Qədim Əşyalar Ali Şurasının arxeoloji qrupu tərəfindən tapılan ərazidə müxtəlif tipli tabutlar, o cümlədən daş və insan şəkilli keramika tabutları, taxta tabut qalıqları, çiy kərpicdən tikilmiş günbəzli məzarlar və əhəngdaşından ibarət daxili məzar tikililəri meydana çıxıb.
Qazıntılara rəhbərlik edən Məhəmməd Əbdülbadi, aşkar edilən məzarların Ptolemey Krallığının erkən mərhələlərinə və daha qədim dövrlərə aid olduğunu bildirib. Hişam əl-Leysi, Ali Şuranın baş katibi, bu mezarlığın orta gəlirli təbəqəyə mənsub şəxslərin dəfn yeri olma ehtimalını vurğulayıb.
Araşdırmalar zamanı ərazidə çoxsaylı qiymətli əşyalar, o cümlədən qızıl dil fiqurları, boyunbağılar, sırğalar və amuletlər aşkar edilib. Həmçinin, əhəngdaşından hazırlanmış heykəl başları və mumiyalama prosesində istifadə olunan xüsusi materiallar da tapılıb.
Misirin turizm və qədim əşyalar naziri Şərif Fəthi, bu tapıntıların qədim Misir sivilizasiyasına və dəfn ənənələrinə mühüm işıq salacağını qeyd edərək, arxeoloji tədqiqatların davam edəcəyini vurğulayıb.