200 illik tarixi qala adi mənzildən də ucuz qiymətə satılır — Fotolar

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Böyük Britaniyanın Kambriya qraflığındakı Penrit şəhərciyində 200 illik “Caroline Cottage” tarixi mülk satılmağa çıxarılıb. Unikal qülləli memarlığı ilə diqqət çəkən bu ev yalnız nağd ödəniş edən alıcılara 360 min funt-sterlinq (təxminən 803 min manat) qiymət qoyulub.
“Caroline Cottage” II dərəcəli tarixi abidə statusuna malikdir və təxminən bir akr (0,4 hektar) ərazini əhatə edir. Tikili 19-cu əsrdə qotik üslubun canlandırılması ənənələrinə uyğun olaraq, Lonsdeyl qrafı və qrafinyası tərəfindən inşa olunmuşdur. Evin adı onların ən kiçik qızına həsr olunub.
Bu mülk, əvvəllər dekorativ gözətçi evi olaraq planlaşdırılmışdı, lakin 1820-ci illərdə qrafinyanın təşəbbüsü ilə çay otağı və rəqs zalı əlavə olunmuşdu. Evin yerləşdiyi ərazi, məşhur “Lake District” təpəliklərinə gözəl mənzərə açır.
Tikilinin dam hissəsi qala divarlarına xas dişli bəzəklərlə işlənib, lakin ötən il 450 min funt-sterlinqə satışa çıxarılan bu mülk alıcı tapmayıb. Evin daxili iki yataq otağı, bağa baxan iki qonaq otağı, mətbəx və vanna otağı ilə təchiz olunub, həyətdə isə qaraj və anbar yer alır.
Daşınmaz əmlak agentliyi “David Britton Estates” mülkü bazarda nadir tapıntı kimi dəyərləndirərək, kottecin əsaslı təmirə ehtiyacı olduğunu qeyd edib. Bu, yeni sahibinə tarixi abidəyə öz fərdi üslubunu qatmaq imkanı verəcək. Londonda mənzillərin orta satış qiyməti isə 522,8 min funt-sterlinq olduğuna görə, bu tarixi qala-ev Londondakı orta qiymətdən təxminən 163 min funt-sterlinq daha ucuzdur.