Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları Azərbaycan tərəfindən sərt tənqid olunub. Bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə yayıb.
Hacızadə, Fransanın nümayiş etdirdiyi selektiv yanaşmaların regionda sülh prosesinə zərər verdiyini vurğulayıb. O, bildirib ki, bu cür birtərəfli qiymətləndirmələr, Azərbaycan-Ermənistan münasibətlərini daha da mürəkkəbləşdirir.
2023-cü ilin sentyabr ayında həyata keçirilmiş anti-terror tədbirlərinin məqsədinin Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymaq, ölkənin konstitusiya quruluşunu bərpa etmək olduğunu qeyd edən mətbuat katibi, bu tədbirlərin beynəlxalq hüquqa uyğun olaraq həyata keçirildiyini də vurğulayıb. O, bunun başqa cür təqdim edilməsini qəbuledilməz hesab edir.
Hacızadə, eyni zamanda, Azərbaycan ərazisində cəza müəssisələrində olan şəxslərin "özbaşına həbs edilmiş" kimi təqdim olunmasını tənqid edib. O, bu şəxslərin arasında müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərdə ittiham olunanların da olduğunu bildirib.
Mədəni irsin qorunmasına dair iddialara isə Azərbaycan qətiyyətlə etiraz edib. Hacızadə, işğaldan azad edilmiş ərazilərdə mədəni abidələrin qorunmasının prioritet olduğunu qeyd edərək, Ermənistandan zorla qovulmuş azərbaycanlıların hüquqlarının da müdafiə edilməsinin vacibliyini vurğulayıb. O, Fransa Hökumətini qərəzli yanaşmadan əl çəkməyə çağırıb.