Azərbaycanda istehlakın əsas dayağı əməkhaqqıdır - “İnvestisiya İcmalı”

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda əhalinin istehlak xərcləri, əsasən, əməkhaqqı və digər gəlirlər hesabına maliyyələşdirilir. “PAŞA Kapital İnvestisiya Şirkəti”nin 2026-cı ilin noyabr ayı üzrə dərc etdiyi “İnvestisiya İcmalı”nda bu fakt təsdiqlənir. Hesabatda qeyd edilir ki, 2026-cı ilin sentyabr ayının sonuna əhalinin bank əmanətləri illik müqayisədə 19,3% artaraq 3,05 milyard manata yüksəlib. Eyni dövrdə əhaliyə verilmiş kreditlər 12,1% artaraq 2,16 milyard manat olub.
Hesabata əsasən, bank əmanətlərinin artımı kreditlərdəki artımdan 890 milyon manat daha yüksəkdir. 2026-cı ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirləri 9,9%, orta aylıq əməkhaqqı isə 7,8% artıb. Lakin inflyasiya nəzərə alındığında, əməkhaqqının real artımı yalnız 2% təşkil edir. Pərakəndə ticarət dövriyyəsinin real artımı isə 3,8%-dir.
Bununla yanaşı, kredit faizlərinin yüksək qalması problemi də mövcuddur. Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin əvvəlindən uçot dərəcəsini 7,25%-dən 6,5%-ə endirsə də, yeni manat kreditlərinin orta illik faizi 17,89%-dən 18,64%-ə yüksəlib. Eyni dövrdə manat depozitləri üzrə orta faiz 7,27%-dən 7,95%-ə qalxıb.
İnvestisiya icmalında istehlak kreditləri üzrə risklərin də artdığı bildirilir. Qeyri-işlək borcların həcmi bir ildə 18% artaraq 314 milyon manatdan 371 milyon manata yüksəlib ki, bu da istehlak kreditləri portfelində 3,6% paya sahibdir. “PAŞA Kapital”ın qiymətləndirməsinə görə, əhalinin gəlirlərinin davamlı artması dövlət büdcəsinin sosial xərclərindən və qeyri-neft sektorunda yeni iş yerlərinin yaradılmasından asılıdır.