“Goldman Sachs” qızılın qiymətinin artımını 2028-ə proqnozlaşdırır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin investisiya bankı “Goldman Sachs” qızılın qiymətinin yaxın zamanda aşağı təzyiqlərlə üzləşəcəyini, lakin 2028-ci ildə tarixi maksimuma çatacağını proqnozlaşdırır. Bu barədə bankın analitikləri tərəfindən noyabrın 16-da yayımlanan hesabatda qeyd edilib.
Analizlərə görə, qızılın bir unsiyasının 2027-ci ilin sonunda 4 650 dollar, 2028-ci ilin sonunda isə 5 600 dollar səviyyəsinə yüksəlməsi gözlənilir. “Goldman Sachs” tədqiqata rəhbərlik edən Lina Tomas, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətinin qızılda ucuzlaşmaya səbəb ola biləcəyini vurğulayır.
Yüksək faiz dərəcələrinin qızılın investisiya cəlbediciliyini azaldacağı, lakin mərkəzi bankların davamlı alışlarının qiymətlərə dəstək verəcəyi düşünülür. Bank mütəxəssisləri, 2026–2028-ci illərdə mərkəzi bankların ayda orta hesabla 60 ton qızıl alacağını proqnozlaşdırır ki, bu da 2022-ci ildən əvvəlki 17 ton göstəricisindən əhəmiyyətli dərəcədə artımdır.
FED-in 2027-ci ilin noyabrından 2028-ci ilin sentyabrınadək faiz dərəcələrini dörd dəfə 25 baza bəndi azaldacağı gözlənilir. Bu vəziyyətin Qərb investorlarının qızıl əsaslı birja fondlarına (ETF) marağını bərpa edəcəyi və qiymət artımını sürətləndirəcəyi ehtimalı var.
Qeyd edək ki, qızıl 2026-cı ilin yanvarında bir unsiya üçün 5 600 dollarlıq tarixi maksimumu müəyyən edib. Ancaq sonrakı aylarda FED-in faiz siyasəti və dolların dəyərinin artması səbəbindən qiymət əhəmiyyətli dərəcədə ucuzlaşıb. Bankın qiymətləndirməsinə əsasən, FED daha sərt siyasət yürüdərsə, qızılın 2027-ci ilin sonundakı qiyməti 4 585 dollara qədər düşə bilər.