Ezonn Xəbər

Bakıda avtobuslar üçün yeni svetofor sistemi təqdim olunur

Bakıda avtobuslar üçün yeni svetofor sistemi təqdim olunur
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Bakıda avtobusların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə xüsusi svetofor quraşdırılacaq. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun verdiyi məlumata görə, svetofor paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki "L" tipli dirəkdə yerləşdiriləcək. Layihə çərçivəsində quraşdırılacaq svetoforun "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olacaq. Bu yenilik, avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin edəcək. Layihə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçirilir. Ömər Xıdırov, layihənin ilk tətbiqi nəticələrinin qiymətləndirildikdən sonra, bu tip svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacağını bildirib. Sözlərinə görə, bu sistem şəhər nəqliyyatını daha səmərəli idarə etməyə kömək edəcək.