Dünyada elektrik enerjisinə tələbat 2035-ci ilə qədər daha sürətlə artacaq - PROQNOZ

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) yeni “World Energy Outlook 2026” hesabatında 2035-ci ilə qədər dünyada elektrik enerjisinə tələbatın daha sürətlə artacağı bildirilib. Həmin dövrdə ümumi enerji istehlakının təxminən 30%-nin elektrik enerjisinin payına düşəcəyi gözlənilir.
Hesabatda göstərilir ki, 2019-cu ildən tərəfdaş ölkələrdəki elektrik enerjisinə tələbat dünya iqtisadiyyatının artım tempini üstələyərək, ümumi enerji tələbatından iki dəfə sürətlə artmaqdadır. Bu tendensiya elektrik mühərrikləri, məişət cihazları, kondisioner və elektrik avtomobilləri kimi texnologiyaların geniş istifadəsi ilə şərtlənir.
BEA-nın qiymətləndirmələrinə əsasən, elektrik enerjisinə tələbatın artım tempi davam edəcək. Hesabatda Orta Şərqdəki böhran və yanacaq qiymətlərindəki dəyişikliklərin elektrikləşməyə olan marağı artırdığı qeyd edilir. Bu regionda bəzi ölkələrdə elektrik texnologiyaları satışında kəskin artım müşahidə olunub.
Günəş panelləri və batareyaların ticarətinin genişlənməsi, eləcə də elektrik avtomobillərinin satışında artımın da olduğu vurğulanır. BEA, bərpa olunan enerji mənbələri, xüsusilə günəş fotovoltaik enerji və atom energetikasının inkişaf edəcəyini proqnozlaşdırır.
Hesabatda, 2025-ci ildən başlayaraq elektrik enerjisinə və təmiz bişirmə texnologiyalarına çıxışın genişlənməsinin sürətlənəcəyi, lakin 2026-cı ildə yanacaq qiymətlərinin artmasının bu prosesin tempinə mənfi təsir göstərə biləcəyi bildirilir.