DYP Bakıda yolda təmirlə bağlı hərəkət iştirakçılarına müraciət edib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
20 noyabr tarixində saat 00:00-dan 06:00-dək Bakının Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə təmir işləri aparılacaq. Bu barədə DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat verib.
Yol təmir işləri ilə əlaqədar, qeyd olunmuş ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq və alternativ yollar təşkil ediləcək. Hava limanından şəhərin mərkəzinə doğru hərəkət edən sürücülərə Zığ yolundan istifadə etməklə "8 Noyabr" prospekti istiqamətinə yönəlmək tövsiyə olunur.
21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılaraq istiqamətlər dəyişdiriləcək. Şəhərin mərkəzindən Hava limanına gedən sürücülər üçün alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yaxınlığından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsi, Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələri vasitəsilə hərəkət edə bilərlər.
DYP əməkdaşları, yol hərəkəti iştirakçılarının təhlükəsiz və rahat hərəkətlərini təmin etmək məqsədilə ərazidə xidmət göstərəcəklər. Sürücülərdən xahiş olunur ki, bu tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırsınlar, qeydə alınan istiqamətlərdə olan sıxlığı nəzərə alsınlar və alternativ yollardan istifadə etsinlər.