Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacağı elan edilib. Bu məlumatı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov təqdim edib.
Yeni işıqforun quraşdırılması, ilkin mərhələdə, paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində həyata keçiriləcək. Quraşdırılacaq işıqfor “L” tipli dirəkdə yerləşdiriləcək və “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnaldan ibarət olacaq.
Layihənin əsas məqsədi avtobusların onlara ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Ömər Xıdırov bu işin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi ilə icra ediləcəyini vurğulayıb.
Xıdırov əlavə edib ki, layihənin ilkin tətbiqinin nəticəsi qiymətləndirilən zaman, eyni tip işıqforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanları nəzərdən keçiriləcək.