Ezonn Xəbər

Riyaziyyat kurikulumunda bəzi mövzular ixtisar edilib

Riyaziyyat kurikulumunda bəzi mövzular ixtisar edilib
Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir. Təkmilləşdirilmiş riyaziyyat fənn kurikulumunda V sinifdən etibarən "Ölçmə" ayrıca məzmun xətti kimi çıxarılaraq bəzi mürəkkəb mövzular ixtisar edilib. Bu barədə məlumatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov riyaziyyat dərsliklərinin ictimai müzakirəsində verib. M.Məhərrəmovun sözlərinə görə, edilən dəyişikliklər mövcud proqramın təhlil edilməsi və məzmunun optimallaşdırılması nəticəsində həyata keçirilib. "Təhlil zamanı gördük ki, IV sinifdən sonra 'Ölçmə' məzmun xəttinə aid altstandartların sayı çox azdır. Buna görə, həmin standartlar digər məzmun xətlərində də verilə bilər", - deyə o bildirib. Məqsədin fənn proqramında mövcud yüklənməni azaltmaq olduğunu vurğulayan M.Məhərrəmov, ixtisar olunan mövzular arasında triqonometrik bərabərsizliklər və bərabərsizliklər sistemi də olduğunu qeyd edib. Eyni zamanda, kompleks ədədlər mövzusuna yenidən baxılaraq, bu bölmənin müəyyən qədər ixtisar edildiyi, kompleks ədədlərin triqonometrik şəklinin isə proqramdan çıxarıldığı bildirilib.