“Anglo Asian Mining” Azərbaycanda iki mədən sahəsini hökumətinə qaytarmaq qərarına gəlib

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti, Qoşa və Ordubad müqavilə sahələrinin hasilat hüquqlarını Azərbaycan hökumətinə qaytarmağa qərar verib. Şirkət, Qoşa sahəsi üzrə hüquqların müddətinin artıq başa çatdığını, Ordubad üzrə isə yaxın zamanda bitəcəyini bildirib.
Qoşa müqavilə sahəsi 300 kvadratkilometr ərazini əhatə edir və Gədəbəydən təxminən 50 kilometr şimal-qərbdə yerləşir. Ordubad sahəsi isə Naxçıvan Muxtar Respublikasında 462 kvadratkilometr ərazidədir. Beləliklə, “Anglo Asian Mining” ümumilikdə 762 kvadratkilometr ərazini geri qaytarır.
Şirkətin bu qərarını investisiya portfelinin yenidən qiymətləndirilməsi ilə əlaqələndirdiyi vurğulanıb. “Anglo Asian Mining” bildirib ki, hər iki ərazi mövcud istehsal obyektlərindən uzaqdadır və inkişaf etmiş infrastrukturdan faydalanmamışdır.
Bundan sonra şirkət, Xarxar və Qaradağ mis yataqlarının istismara hazırlanmasına və mövcud mədənlərin yaxınlığında yeni ehtiyatların aşkarlanmasına fokuslanmağı planlaşdırır. Hazırda hasilatın pay bölgüsü sazişinə müvafiq dəyişikliklər Azərbaycan hökuməti ilə müzakirə edilir və bu dəyişikliklərin təsdiqi üçün Milli Məclisin razılığı tələb olunur.
“Anglo Asian Mining”, 1997-ci ildən Azərbaycanda fəaliyyətini davam etdirir və Gədəbəy, Qadir, Uğur və Gilar mədənlərində müxtəlif dövrlərdə hasilat aparmışdır. Qoşa qızıl mədənində sənaye hasilatına 2014-cü ildən başlanılıb, lakin 2024-2025-ci illərdə bu yataqda hasilat olmayacaq.