“Anglo Asian Mining” Qoşa və Ordubad üzrə hasilat hüquqlarını uzatmayacaq
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Anglo Asian Mining” şirkəti, Azərbaycanda yerləşən Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının uzadılması üçün müraciət etməyəcəyini açıqlayıb. Şirkət, bu qərarı layihə portfelinin gözden keçirilməsi nəticəsində qəbul edib və hər iki sahənin Azərbaycan hökumətinə qaytarılacağını bildirib.
Açıqlamada deyilir ki, Qoşa üzrə hasilat hüququnun müddəti artıq başa çatıb və Ordubad üzrə isə müddət yaxın zamanda bitəcək. Şirkət, Qoşa və Ordubad sahələrinə əlavə resurs investisiya etməyi məqsədəuyğun hesab etməyib, çünki bu sahələr hazırkı hasilat obyektlərindən uzaqda, eyni zamanda, digər müqavilə sahələrindəki kimi infrastrukturdan məhrumdurlar.
“Anglo Asian Mining” rəhbərliyi, qarşıdakı illərdə daha çox diqqəti Xarkar və Qaradağ mis layihələrinin hasilatına yönəldəcəyini bildirib. Planlaşdırılan geoloji kəşfiyyat işlərinin isə mövcud hasilat sahələrinin genişləndirilməsinə yönələcəyi gözlənilir.
Şirkət, yeni yataqların aşkar edilməsi halında mövcud infrastrukturdan istifadə edərək mədənlərin istismar müddətini uzada biləcəyini qeyd edir. Hələlik, şirkət HPBS-yə zəruri dəyişikliklər üzərində Azərbaycan hökuməti ilə müzakirələr aparır və dəyişikliklər razılaşdıqdan sonra Milli Məclisin təsdiqinə təqdim ediləcək.
Gələcəkdə “Anglo Asian Mining” Qoşa və Ordubad sahələri üzrə hasilat hüquqlarını yenidən əldə etmək məqsədilə müraciət edə bilər.