“Xocalı” gəmisi RINA təsnifat cəmiyyətinin nəzarəti ilə aralıq yoxlamadan uğurla keçib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Xocalı” quru yük gəmisi RINA (Registro Italiano Navale) beynəlxalq təsnifat cəmiyyətinin nəzarəti altında Çində yerləşən "Zhoushan Xinya" gəmiqayırma zavodunda aralıq yoxlamadan uğurla keçib. Yoxlama prosesi bir ay çəkib və nəticəsində RINA tərəfindən gəminin müvafiq sertifikatları yenilənib.
Yoxlama çərçivəsində gəminin texniki vəziyyəti qiymətləndirilib və əsas mexanizmlərində genişmiqyaslı təmir işləri yerinə yetirilib. Gəminin üst göyərtəsi tam rənglənmiş, baş mühərriki əsaslı təmir olunmuş və yanacaq ilə ballast sistemlərinə xidmət göstərilmişdir. Həmçinin, yaşayış sahələri və mətbəxin havalandırılması üçün yeni hava qutusu hazırlanmışdır.
Təmir işləri sırasında hər üç köməkçi mühərrikin tənzimləyicisi, qazan və təhlükəsizlik klapanlarının təzyiq sınaqları da həyata keçirilib. Aralıq yoxlama və təmir işlərinin başa çatmasından sonra “Xocalı” ABŞ-nın Kaliforniya ştatında yerləşən Vilminqton limanına yola düşüb. Gəminin dekabr ayının əvvəlində təyinat limanına çatması gözlənilir.
Qeyd edək ki, “Xocalı” 2024-cü ilin mayında Çində istismara qəbul edilən ASCO-nun “Handysize” tipli ilk quru yük gəmisidir. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr və ümumi yükgötürmə qabiliyyəti 38,593 ton təşkil edir.
Beş yük anbarına malik olan gəmidə hər biri 30 ton yükgötürmə qabiliyyətinə malik dörd kran mövcuddur. Kranların hər biri bütün yük anbarlarına xidmət edə bilir və 26 metrədək məsafəyə uzana bilir. Minimal suya oturumla yüksək yükgötürmə qabiliyyətinin birləşdirilməsi, “Xocalı”nın əsas texniki üstünlüklərindən biridir.