Ezonn Xəbər

"200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik" - Hikmət Hacıyev

"200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik" - Hikmət Hacıyev
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ermənistan tərəfindən 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiklərini qeyd edib. Bu haqda o, "X" sosial şəbəkəsində paylaşım edərək məlumat verib. Hacıyev, eyni zamanda, tanınmış fotoqraf Reza Deghatiyə Azərbaycanda itkin düşmüş şəxslərə həsr etdiyi kitabın təqdimatı üçün minnətdarlığını bildirib. O, kitabın vasitəsilə onilliklər ərzində yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısının dünya ilə paylaşılmasını önə çəkib. Hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Azad edilmiş ərazilərdə isə 32 kütləvi məzarlıq aşkar edilib və qalıqların çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Hacıyev, 2020-2023-cü illər arasında keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim olunmasını da gözlədiklərini bildirib. Bu minaların uzunluğu 440 kilometrdən çoxdur və dərinliyi isə 2 kilometrdir. Minalar mülki şəxslərin ölümünə və xəsarət almasına səbəb olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin geri dönüşünü də çətinləşdirir. Hikmət Hacıyev, bu məsələlərin humanitar əhəmiyyətinə diqqət çəkərək, müvafiq məlumatların paylaşılmasının etimadın qurulması üçün mühüm bir addım olduğunu, bu prosesin regionda davamlı sülhə real töhfə verəcəyini vurğulayıb. O, ailələrin öz doğmalarının taleyi barədə məlumat əldə etməyə layiq olduqlarını əlavə edib.