Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsi silinib
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin rəsmi saytlarında yerləşdirilən Konstitusiya mətnlərində Müstəqillik Bəyannaməsinə keçid zamanı problem yaranıb. Bu məlumatı “Sputnik Ermənistan” yayıb.
Hər iki dövlət qurumunun saytında Müstəqillik Bəyannaməsinə yönləndirən aktiv link Ermənistan parlamentinin saytına aparır. Lakin həmin keçid açıldıqda istifadəçilərə “404” xəta mesajı təqdim edilir, bu da sənədin mövcud olmadığını göstərir.
Bundan başqa, Ermənistan Xarici İşlər Nazirliyinin saytında “Dağlıq Qarabağ münaqişəsi” bölməsinin iki ildən artıqdır ki, mövcud olmadığını da diqqətə çatdırmaq lazımdır. Bu bölmənin yoxa çıxması əvvəlcə “texniki xəta” kimi izah edilmişdi.
Qeyd olunmalıdır ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsinə istinad edilir. Azərbaycan tərəfi isə bu sənədin ölkəyə qarşı ərazi iddialarının əks olunduğunu iddia edir və Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini tələb edir.