Soltanlı kəndində daha 16 ailəyə evlərinin açarları təqdim olunub

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Cəbrayıl rayonunda işğaldan azad olunan Soltanlı kəndinə növbəti köç prosesi gerçəkləşib. Bu gün səhər saatlarında yola salınan 16 ailə, doğma yurdlarına geri dönərək onlara təqdim olunan evlərin açarlarını alıblar.
Soltanlı kəndi, bu gün 80 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kənddəki müasir şəraitlə tanış olublar. Kəndin ümumi sahəsi 108,5 hektar, burada 420 fərdi ev inşa edilib. Evlərin 2, 3, 4 və 5 otaqlı variantları mövcuddur. Kənd, su, işıq, qaz və yüksək sürətli internetlə təchiz edilib.
Kənddə infrastrukturu gücləndirmək məqsədilə, ikimərtəbəli inzibati bina, uşaq bağçası və həkim-tibb məntəqəsi tikilib. Burada, aptek, market və gözəllik salunu kimi xidmət mərkəzləri üçün nəzərdə tutulmuş binalar da yerləşir. Kənddəki yollara asfalt döşənməsi sakinlərin rahatlığını artırıb.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər, dövlətin onlara göstərdiyi qayğıya görə minnətdarlıq ifadə ediblər. Sakinlər, bu tarixi Qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimizin xatirəsini anaraq, onlara Allahdan rəhmət diləyiblər. Onlar, azad edilmiş ərazilərdəki dirçəlişin, fədakar döyüşçülərin sayəsində mümkün olduğunu qeyd ediblər.
Köç zamanı ailələr, ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların təhlükələri barədə məlumatlandırılmışdır. Tanımadıqları əşyalarla qarşılaşdıqları təqdirdə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə edilib. Açarların təqdim olunması mərasimində rəsmi nümayəndələr də iştirak ediblər.