Avro-dollar qarşısında son 18 ayın minimumuna düşüb – Banklar daha da ucuzlaşacağını gözləyir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Avropa İttifaqının vahid valyutası avro, ABŞ dolları qarşısında 1,10 səviyyəsindən aşağı düşərək son 18 ayın minimumunu qeydə alıb. Trendin arxasında Fransadakı siyasi qeyri-müəyyənlik, dövlət borcunun artması və ABŞ dollarının möhkəmlənməsi dayanır.
Noyabrın 19-da yayımlanan məlumatlara görə, "Morgan Stanley" və "Commerzbank" bankları avronun 2027-ci ildə 1,08 dollara qədər ucuzlaşmasını proqnozlaşdırır. Avqust ayının sonlarından etibarən avro dollar qarşısında təxminən 6% dəyər itirmişdir.
Fransanın maliyyə vəziyyəti, eləcə də 2027-ci ildə keçiriləcək prezident seçkiləri avronun zəifləməsinə təsir edən əsas amillərdən biridir. Seçkilərin nəticələri, ölkənin büdcə siyasəti və dövlət xərcləri üzərində əhəmiyyətli təsir göstərə bilər. Fransanın Milli Statistika İnstitutunun (INSEE) məlumatına görə, 2026-cı ilin ikinci rübündə dövlət borcu 3,6 trilyon avroya, yəni ümumi daxili məhsulun 119%-nə çatacaq. Bu, əvvəlki rüblə müqayisədə 59,6 milyard avro artım deməkdir.
Dövlət borcunun yüksək olması Fransanın istiqraz bazarını müxtəlif siyasi və iqtisadi dəyişikliklərə qarşı daha həssas edir. Bu vəziyyət investorların avro aktivləri ilə bağlı narahatlıqlarını artıraraq valyutanın daha da ucuzlaşmasına səbəb ola bilər. "Mizuho" bankının valyuta strateqi Lijun Fu, Fransa istiqrazlarındakı satışların avrozonanın digər ölkələrinin borc bazarına sirayət edə biləcəyini vurğulayıb.
Avro ilə bağlı gələcək proqnozlar, Avropa Mərkəzi Bankının faiz siyasətinə də bağlıdır. Oktyabrın 29-da keçirilmiş iclasda AMB depozit faizini 2,50% səviyyəsində saxlayıb. ABŞ Federal Ehtiyat Sisteminin sərt pul siyasəti və dolların daha yüksək gəlirliliyi avronun zəifləməsində rol oynayır. Avronun zəifləməsi Avropa iqtisadiyyatı üçün müxtəlif nəticələr doğura bilər.