Ukraynalı parlamentarilər Azərbaycana səfər edib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Ukrayna parlamentinin nümayəndə heyəti ölkəmizə səfər edib. Səfərin məqsədi əməkdaşlığın qurulması, qaçqınlara və məcburi köçkünlərə dəstək, müharibədən zərər çəkmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsidir.
Ukrayna Ali Radasının deputatları “Ukraynanın məcburi köçkünləri” fraksiyalararası deputat birliyinin nümayəndələri Maksim Tkaçenko və Serhiy Kozyrin, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə danışıqlar aparmışdır. Görüşdə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi müzakirə edilib.
Nümayəndə heyəti, həmçinin Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və parlamentin digər deputatları ilə görüşmüşdür. Eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə də müzakirələr aparılıb.
Səfər proqramında Qarabağa da səfər təşkil olunmuşdur. Parlamentarilər, azad edilmiş ərazilərdəki bərpa proseslərini müşahidə etmiş, infrastrukturun inkişafı ilə tanış olmuş, məcburi köçkün həyatı yaşamış bölgə sakinləri ilə görüşmüşlər.
Görüşlər zamanı Ukrayna tərəfi Azərbaycan hökumətinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər məcburi köçkünlərin sosial müdafiəsi, məşğulluq və reinteqrasiya problemlərini geniş şəkildə müzakirə ediblər. Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, bu səfərin iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb.