Abşeron xəstəxanasında tibbi geyim mübahisəsi: TƏBİB məsələyə aydınlıq gətirdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) Ümumi cərrahiyyə şöbəsində tibbi geyim qaydalarına riayət olunmaması ilə bağlı narazılıq yaranıb. Sosial şəbəkələrdə yayılan müraciət əsasında xəstəxananın rəhbərliyinin fəaliyyəti araşdırılması tələb edilib.
Müraciət edən vətəndaş, Ümumi cərrahiyyə şöbəsində Oruc adlı həkimin mülki geyimdə çalışdığını iddia edib. Bu hal, tibbi müəssisələrdə müəyyən edilmiş iş intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik prinsipləri ilə bağlı suallar doğurub.
Vətəndaş, Oruc həkimin ona yaxınlaşaraq baş həkimin yanında olduğunu və özünün qazi statusu daşıdığını bildirdiyini də vurğulayıb. Eyni zamanda, müraciətdə qeyd olunub ki, şöbədəki əməkdaşların iş intizamı və tibbi geyim qaydalarına riayət edib-etmədikləri ilə bağlı nəzarət mekanizmləri zəifdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada, Abşeron RMX-nin Ümumi cərrahiyyə şöbəsinə dair daxil olan müraciətlərin araşdırıldığı bildirilib. Araşdırmalar zamanı, Oruc həkimin işə yeni gəldiyi və tibbi geyimini dəyişməzdən əvvəl mülki geyimdə olması faktı təsdiqlənib. Bununla bağlı əmək intizamının pozulması kimi bir halın olmadığı qeyd edilib.
Ayrıca, əmək intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik tələblərinin pozulması hallarının da aşkar edilmədiyi vurğulanıb. Tibbi geyim qaydalarına riayət olunmasına nəzarətin artırılması məqsədilə xəstəxana rəhbərliyinə müvafiq tövsiyələr verilib.