Ağdam rayonu ekonomisində inqilab: 8 dəfə artım

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Sabah, noyabrın 20-də, Ağdam şəhəri günü qeyd olunacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında bu gün hər il təntənəli şəkildə keçirilməkdədir. Bu münasibətlə iqtisadçı alim, deputat Vüqar Bayramovun verdiyi məlumatlar diqqət çəkir.
Vüqar Bayramov bildirib ki, Ağdam şəhəri işğal dövründə dağıdılmış və xarabalığa çevrilmişdi. Lakin Zəfərdən sonra bu region yenidən qurulma mərhələsinə qədəm qoyub. O, Ağdamın Azərbaycanın iqtisadi xəritəsində mühüm mərkəzlərdən birinə çevriləcəyini də vurğulayıb.
Deputatın sözlərinə görə, bu dövrdə Ağdam rayonunun iqtisadiyyatı 8 dəfə artıb. İqtisadiyyatın əsas sahələri üzrə məhsulun buraxılışı 1.5 milyard manata çatıb. Xüsusilə tikinti sektorunda 60 dəfədən çox artım qeydə alınıb ki, bu da rayonun geniş miqyaslı infrastruktur işlərinin aparılması ilə əlaqədardır.
2025-ci ilə qədər Ağdam rayonunda sənaye məhsulunun dəyərinin 1 milyard 2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2024-cü il ilə müqayisədə 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə istehsal 2 dəfə artıb. Ağdamda istehsal olunan sənaye və qeyri-neft məhsulları isə Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya kimi geniş coğrafiyada ixrac edilir.
Ümumilikdə, Ağdam rayonu yalnız Qarabağ üçün deyil, bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Məhsulların Avropa Birliyi də daxil olmaqla, inkişaf etmiş dövlətlərə ixracı planlaşdırılır.