Ukraynalı parlamentarilər Azərbaycana səfər edib - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Ukrayna parlamentinin nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlığın qurulması, qaçqınlara və məcburi köçkünlərə dəstək, müharibədən zərər çəkmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsidir.
Səfərdə Ukrayna Ali Radasının deputatları, "Ukraynanın məcburi köçkünləri" fraksiyalararası deputat birliyinin nümayəndələri, birliyin həmsədrləri Maksim Tkaçenko və Serhiy Kozyrin aktiv iştirak edərək, ölkə rəhbərliyi ilə bir sıra mühüm görüşlər keçirmişlər. Bu görüşlər arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən danışıqlar önəmlidir.
Həmçinin, nümayəndə heyəti Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə görüşdü. Görüşlərin diqqət mərkəzində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, məşğulluq və reinteqrasiya məsələləri dururdu.
Səfər çərçivəsində Qarabağa təşkil olunan səfər də xüsusi əhəmiyyət kəsb edir. Ukraynalı parlamentarilər azad edilmiş ərazilərdəki bərpa prosesləri və yerli sakinlərin həyat şəraiti ilə tanış olublar. Bu görüşlər zamanı Ukrayna tərəfi Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.
Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, səfərin peşəkar əlaqələrin inkişafı və strateji tərəfdaşlığın möhkəmlənməsi adına mühüm addım olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, parlamentlərarası dialoq qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə və ikitərəfli əməkdaşlığın yeni imkanlarının açılmasına kömək edəcək.