"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
"Qarabağ" yatağının işlənməsi çərçivəsində Bəndovan sahəsində hazırlıq işləri davam edir. Bu layihədə neft, qaz və elektrik xətlərinin birlikdə yerləşdirilməsini təmin edən yeni "bundle" texnologiyasının tətbiqi nəzərdə tutulur. bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bu məlumatları verib.
Vitse-prezident bildirib ki, yatağın ehtiyat həcmi "Azəri-Çıraq-Günəşli" (AÇG) ilə müqayisədə daha azdır, buna görə də xərclərin optimallaşdırılması layihənin kommersiya cəlbediciliyi üçün vacibdir. Tətbiq ediləcək texnologiya sayəsində quruda 7 kilometrlik boru dəstəsi hazırlamaq mümkün olacaq ki, bu da neft və qaz boruları ilə elektrik kabellərinin bir yerdə yerləşdirilməsini təmin edəcək.
Hazırlanacaq boru dəstəsi dənizə daşınaraq quraşdırılacaq və proses növbəti 7 kilometrlik hissələr üzrə davam edəcək. Bu yanaşma, boruların ayrı-ayrılıqda dənizdə çəkilməsinə nisbətən xərclərin azaldılmasına imkan yaradacaq.
Bəxtiyar Aslanbəyli, Bəndovan sahəsində tikinti meydançasının yaradılması üçün zəruri icazələrin alınması, torpaq sahəsinin ayrılması və yolların çəkilməsi işlərinin həyata keçirildiyini qeyd edib. Layihə yalnız boru dəstəsinin çəkilməsi ilə məhdudlaşmır, yatağın işlənmə üsulu və platformanın tikilib-tikilməyəcəyi ilə bağlı texniki məsələlər də araşdırılır.
Vitse-prezident əlavə edib ki, bütün hazırlıqlar tamamlandıqdan sonra yekun investisiya qərarının qəbul edilməsi üçün zəruri məsələlər müəyyənləşəcək. Buna görə də, layihənin tikintisinə başlanma tarixinin dəqiq bildirilmesi mümkün deyil. Ancaq, "Qarabağ" yatağı üzrə yekun investisiya qərarının gələn il ərzində qəbul olunması gözlənilir.