Ezonn Xəbər

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Qərbi Azərbaycan İcması, ABŞ Konqresinin Tom Lantos adına İnsan Hüquqları Komissiyasında noyabrın 18-də baş tutan dinləmələrdə Azərbaycana münasibətdə qərəzli mövqe nümayiş etdirilməsindən dərin təəssüf hissi keçirir. Bu barədə İcmanın yaydığı bəyanatda məlumat verilib. Bəyanatda vurğulanıb ki, İcma daha əvvəl də komissiyanın dinləmələrində Azərbaycana qarşı düşmən münasibəti və azərbaycanlıların pozulmuş hüquqlarına etinasızlıqla yanaşılmasını kəskin tənqid edib. Eyni zamanda, dinləmələrdə iştirak edən “Christian Solidarity International” təşkilatının Azərbaycan əleyhinə fəaliyyətindən narahatlıq ifadə edilib. İcmanın bəyanatında qeyd olunub ki, son dinləmələr də əvvəlki qərəzli yanaşmanın davamıdır. Dinləmələr zamanı səsləndirilən Azərbaycan əleyhinə ittihamlar, Ermənistan tərəfindən zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqlarına və onların doğma yurdlarına qayıdışı məsələsinə lazımınca diqqət ayırmaması, ikili standartların açıq nümayişidir. Eyni zamanda, məsələlərin dini təəssübkeşlik əsasında təqdim edilməsi, insan hüquqlarının müdafiəsi adı altında fəaliyyət göstərən qurumların obyektivliyini ciddi şəkildə sual altına alır. Qərbi Azərbaycan İcması Tom Lantos Komissiyasını və “Christian Solidarity International” təşkilatını qərəzli yanaşmadan əl çəkməyə çağırır. İcma, gələcəkdə təşkil ediləcək dinləmələrə Qərbi Azərbaycan İcmasını dəvət etməyə və onların mövqeyini dinləməyə dəvət edir.