Polşa generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu məlumatı APA-ya Müdafiə Nazirliyi təqdim edib.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla görüşüb. Görüşdə Azərbaycanın hərbi təhsil sistemindəki islahatlar, tədris prosesinin təşkili, hərbi təhsil sahəsindəki əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Səfər proqramı çərçivəsində polşalı qonaqlar MMU-nun tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də olublar. Bu təhsil müəssisələrində yaradılmış tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə, hərbi kadr hazırlığı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşün sonunda nümayəndə heyətinin rəhbəri Hərbi Liseyin “Şərəf kitabı”na ürək sözlərini yazıb. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, bu səfər Polşa ilə Azərbaycan arasında hərbi təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədini güdür.