Ezonn Xəbər

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsində ittiham olunan şəxsə hökm oxunub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bakıda "Baksol yolu" ərazisində baş verən hadisədə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşərək ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə icra olunan məhkəmədə Bakı Su Kanal İdarəsinin qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov barədə hökm oxunub. Məhkəmənin qərarına əsasən, Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2025-ci il iyunun 26-da saat 20:30-da baş verib. Bu zaman Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yolun çökməsi nəticəsində kanalizasiya kanalına düşüb. Mərhumun meyiti 28 iyun 2025-ci ildə saat 15:35-də Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında aşkar edilib. Prokurorluq əməkdaşları hadisə yerində baxış keçirərək, müşahidə kameralarının görüntülərini toplayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır və Bakı Su Kanal İdarəsi tərəfindən istismar olunur. Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) üzrə Nərimanov rayon prokurorluğunda cinayət işi açılıb. Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və onun barəsində polis nəzarəti altında həbs qətimkan tədbiri seçilib.