265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirərək 6792 cinayət faktı aşkarlayıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına əsasən, aşkar edilən cinayətlərin 1975-i narkotik vasitələrin qanunsuz satışı, 4662-si isə bu vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlıdır. Bundan əlavə, 153 cinayət narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si isə digər bu kateqoriyaya aid cinayətlərlə bağlıdır.
Qanunsuz dövriyyədən 9 ton 049 kq 295,58 qram narkotik vasitə və psixotrop maddə ələ keçirilib. Bu maddələrin ümumi dəyəri 265 milyon 473 min AZN olaraq qiymətləndirilir.
Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 4731 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 4603-ü kişi, 128-i qadındır.