Tbilisidə partlayış: Dağıntılardan bir uşaq sağ çıxarıldı

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Gürcüstanın paytaxtı Tbilisidə, Krtsanisi rayonunun Zemo Poniçala qəsəbəsində beşmərtəbəli bir yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından azyaşlı bir uşaq sağ çıxarılıb. Hadisə, bu gün səhər saat 09:00 radələrində qeydə alınıb.
Partlayışın səbəbinin məişət qazı ilə işləyən qızdırıcının partlaması olduğu ehtimal edilir. Qeyd olunan hadisə zamanı dörd nəfər, o cümlədən bir uşaq, yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Axtarış-xilasetmə əməliyyatları hələ də davam edir. Dağıntılar altında daha altı nəfərin olduğu bildirilir və axtarış üçün xüsusi texnika, canlı qüvvə, eləcə də təlim keçmiş itlər cəlb olunub. Ancaq, istinad divarının uçma ehtimalı əməliyyatın icrasını çətinləşdirir.
Hadisə ilə bağlı cinayət işi açılıb və təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır. Aparılan yoxlamalar nəticəsində binanın müəyyən hissəsinin yaşayış üçün yararsız olduğu müəyyən edilib, buna görə də 28 ailəyə alternativ yaşayış yeri təmin ediləcək.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili, hadisə nəticəsində daha yeddi nəfərin, o cümlədən üç azyaşlı uşaq, itkin düşdüyünü bildirib. Hazırda axtarış əməliyyatları intensiv şəkildə davam edir.