Ezonn Xəbər

Cümşüd Cümşüdlünün ölümü ilə bağlı hökm verildi

Cümşüd Cümşüdlünün ölümü ilə bağlı hökm verildi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakının Nərimanov rayonunda 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümü ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi keçirilib. Məhkəmənin iclası Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrlik etdiyi prosesdə baş tutmuşdur. Məhkəmədə Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilir. Eyni zamanda, ona 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum olma cəzası verilib. Hökmə əsasən, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Daha əvvəlki iclasda prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. Xatırladaq ki, Cümşüd Cümşüdlünün meyiti iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində kanalizasiya sularının təmizləmə anbarında tapılmışdı. O, ötən il iyunun 26-da, paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanında “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiya sularına düşərək həlak olmuşdu. Cinayət işi üzrə Azər Cümşüdov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham olunmuşdur. Qeyd edək ki, Cümşüd Cümşüdlü ailənin yeganə övladı idi və "Sab Azərbaycan" şirkətində çalışırdı.