Dövlət Komitəsində UN-Habitat-ın nümayəndələri ilə görüş keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri müzakirə edilib.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayıb. O, həmçinin qaçqınların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələlərinə də diqqət çəkib. Müavinin sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva qaçqınların problemlərinə xüsusi həssaslıqla yanaşır.
Hazırda, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insanın yaşadığı, işlədiyi və təhsil aldığı bildirilir. Qayıdış prosesinin planlaması üçün sosioloji sorğular keçirilir, bu sorğularda ailələrin qayıdış niyyəti və digər ehtiyacları öyrənilir.
Görüşdə mina və partlamamış hərbi sursatların təhlükəsi də müzakirə edilib. Bu təhlükələrin bərpa-quruculuq işlərinə təsir edəcəyi, mütəmadi maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu vurğulanıb. Mina təhlükəsi ilə bağlı əhalinin məlumatlandırılması, təhlükəsiz davranış qaydalarının öyrədilməsi məqsədilə çarxlar hazırlanır.