Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı il hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Toplanışa qəbul olunan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin ediliblər. Mərasim zamanı çıxış edənlər, toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılaraq döyüş hazırlığının yüksəldilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Təntənəli mərasim də, hərbi vəzifəlilərin marşla tribuna önündən keçidi ilə başa çatıb. Mərasimdən sonra iştirakçılara Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalarla bağlı ətraflı məlumat verilib.
Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki məşğələlər, eləcə də müasir döyüş-aparma və özünümüdafiə üsulları öyrədiləcək. Bu, hərbi hazırlığın artırılmasına yönəlmiş mühüm bir addımdır.