Assosiasiya deyir ki, regiondan paytaxta kadr axını hotellər üçün problem yaradır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Hotelçilik sənayesi, regionlardan paytaxta kadr axını səbəbindən ciddi çətinliklərlə üzləşir. Bu barədə “Azərbaycan Hotellər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov, Bakıda keçirilən “Dövlət-biznes əməkdaşlığı forumu”nda danışıb.
Əlimuradov qeyd edib ki, sektor daim bu problemlə qarşılaşır. Kadr çatışmazlığını aradan qaldırmaq üçün daha rəqabətqabiliyyətli əməkhaqqı təqdim etməyə çalışırlar. O, gənclər üçün keyfiyyətli iş mühiti yaratmağın əhəmiyyətini vurğulayıb. Bu mühitin beynəlxalq standartlara uyğun olmasının, eləcə də davamlı təlim və inkişaf imkanlarının yaradılmasının vacibliyini bildirib.
Assosiasiyanın, tədris müəssisələri ilə əməkdaşlığı da nəzərə çarpır. Artıq Azərbaycan Turizm İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti ilə memorandumlar imzalanıb. Məqsəd, gənc mütəxəssisləri hotelçilik sənayesinin tələblərinə uyğun şəkildə yetişdirməkdir.
Eldar Əlimuradov, eyni zamanda, tədris müəssisələrinin kurikulumlarının hazırlanmasında iştirak etdiklərini, həmçinin sənayenin ehtiyaclarını əks etdirən proqramlar formalaşdırmağa təşəbbüs göstərdiklərini bildirib. Gənclərin fəaliyyət göstərən hotellərdə praktiki təcrübə toplaya bilmələri üçün imkanlar yaradılması da diqqət çəkir.