Bakıda Avropa Badminton Turnirinin açılış mərasimi oldu

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi tərəfindən təşkil edilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi Bakıda, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və iştirakçı ölkələrin paradı həyata keçirilib.
Bu beynəlxalq turnirdə Avropa və Avrasiya regionunun 18-dən çox ölkəsindən 100-ə yaxın idmançı və nümayəndə heyəti iştirak edir. Yarış, noyabrın 19-dan 21-dək davam edəcək. Turnirin keçirilməsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan idmançıların bacarıqlarını nümayiş etdirmək, inklüziv idmanın inkişafına dəstək vermək və dostluq, həmrəyliyi gücləndirməkdir.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsi, idmanın hər kəs üçün əlçatan olması və inklüziv idmanın inkişafının əhəmiyyətini vurğulayıb. O, bu cür yarışların idmançıların inkişafına və ölkələr arasında əməkdaşlığın genişlənməsinə xidmət etdiyini qeyd edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev isə sosial siyasətin mühüm tərkib hissəsi olaraq xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyət həyatında fəal iştirakını təmin etməyin vacibliyini vurğulayıb. O, inklüziv tədbirlərin əhəmiyyətini və bu cür yarışıların sosial münasibətləri genişləndirməkdəki rolunu qeyd edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, turnirin ali təhsil müəssisəsi üçün əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb. Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov isə Azərbaycanın inklüziv idmanın inkişafına verdiyi önəm haqqında danışaraq, iştirakçıların potensiallarını nümayiş etdirmək üçün yaradılan imkanları vurğulayıb.
Sven Albrext, Xüsusi Olimpiya Avropa-Avrasiya regionunun rəhbəri, belə bir beynəlxalq tədbirin təşkilinə görə Azərbaycana təşəkkürünü bildirmişdir. Açılış mərasimində həmçinin Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da yarışın badmintonun inklüziv mühitdə yayılmasına töhfə verəcəyini vurğulayıb.