Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Xankəndi şəhər stadionunda Azərbaycan I Liqasının VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları arasında keçirilən futbol qarşılaşması sona çatıb. Bu, stadionun yenidənqurmadan sonra ilk rəsmi oyunudur.
Görüş gərgin idman mübarizəsi şəraitində baş tutub, ilk hissə qolsuz heç-heçə ilə yekunlaşsa da, ikinci hissədə Yevlax təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, "Karvan-Yevlax" komandası 3 xalı əldə edib.
Maraqlı anlarla dolu oyunu stadiondan təxminən iki minə yaxın azarkeş izləyib. Eyni zamanda, Azərbaycanın gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri və futbol ictimaiyyətinin nümayəndələri də matçı izləyənlər arasında olub.
Görüşün baş hakimi Kamranbəy Rəhimov, yan xətt hakimləri isə Sənan Atayev və Vüqar Bayramovdur. Dördüncü hakim isə Nazim Abdullayev olaraq müəyyən olunub.
Xankəndi stadionunun yenidənqurması bölgədə idman infrastrukturu üçün böyük əhəmiyyət kəsb edir və bu cür tədbirlər bölgənin inkişafına töhfə verir.