Ezonn Xəbər

Tbilisidə partlayış: 3 nəfərin meyiti tapılıb

Tbilisidə partlayış: 3 nəfərin meyiti tapılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş partlayış nəticəsində dağıntılardan üç nəfərin meyiti çıxarılıb. Hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli yaşayış binasında qeydə alınıb. İstintaqın ilkin məlumatlarına görə, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir. Tbilisinin Krtsanisi rayonunun Zemo Poniçala qəsəbəsində baş verən bu dəhşətli hadisənin ardından, Gürcüstan Daxili İşlər Nazirliyi daha iki nəfərin meyitinin tapıldığını təsdiqləyib. Çıxarılan meyitlərdən ikisi qadın, biri isə azyaşlı uşaqdır. Eyni zamanda, dağıntılar altından sağ çıxan bir azyaşlı uşaq ilə birlikdə, xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatlarına xüsusi texnika, canlı qüvvə və təlim keçmiş itlər cəlb edilib. Dağıntılar altında daha 6 nəfərin axtarışları davam edir. Daxili İşlər naziri Sulxan Tamazaşvili, hadisə nəticəsində yeddi nəfərin itkin düşdüyünü, onların arasında isə üç azyaşlı uşağın olduğunu əlavə edib. Yoxlamalar zamanı binanın bir hissəsinin yaşayış üçün yararsız olduğu müəyyən edilib, bununla əlaqədar 28 ailənin fərqli hotellərə yerləşdirilməsi planlaşdırılır. Faktla bağlı cinayət işi açılıb və təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq başlayıb.