Bakıda ilk dəfə quraşdırılacaq “T” formalı işıqforlar 30-dan çox avtobusa şamil ediləcək

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Bakının Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində ilk dəfə olaraq “T” formalı işıqforların quraşdırılmasına başlanılıb. Yeni sistem, 30-dan çox avtobus marşrutuna xidmət edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) alınan məlumata görə, bu kəsişmədən hər saatda 4 marşrut (20, 72, 125 və E1 nömrələri) üzrə avtobuslar keçir. Hal-hazırda avtobuslar sola dönmək üçün iki hərəkət zolağını kəsərək ümumi nəqliyyat axınına qoşulmağa məcburdur ki, bu da minik avtomobillərinin hərəkətinə əngəl törədir.
AYNA-dan bildirilib ki, yeni işıqforlar avtobusların xüsusi hərəkət zolağından sola dönməsinə imkan tanıyacaq. Eyni zamanda, avtobusların hərəkəti üçün mövcud işıqfor fazasının müddətinə 10 saniyə əlavə olunması planlaşdırılır. Bu tədbirlər, hər iki tərəfdən nizamlı və təhlükəsiz hərəkət təmin edəcək.
Agentlik, bu cür həllərin beynəlxalq təcrübədə müsbət nəticələr verdiyini vurğulayaraq, gələcəkdə paytaxtın digər kəsişmələrində də oxşar işıqforların istifadəsinin nəzərdə tutulduğunu qeyd edib.